Bütün dünyada saxta pul tədavülü iqtisadi gündəliyin aktual məsələlərindəndir. Mərkəzi Bankın Nağd pul departamentindən bildirilib ki, bu ilin 6 ayı ərzində Azərbaycanda 181 ədəd saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılmış və hüquq mühafizə orqanlarına təqdim edilmişdir.
Beynəlxalq səviyyədə aparılan qiymətləndirmələr göstərir ki, ötən il avrozona üzrə dövriyyədə hər 58 min ədədə 1 ədəd saxta pul nişanı, Rusiyada isə hər 220 min ədədə bir saxta pul nişanı düşmüşdür. Respublikamızda bu göstərici 430 min ədəd kağız pul nişanına bir ədəd nisbətində olmuşdur ki, bu da ölkədə milli pul nişanlarımızın saxtalaşdırma səviyyəsinin aşağı olduğunu göstərir. Ümumiyyətlə, son dörd ildə tədavüldə aşkar edilmiş saxta pul nişanlarının həcmi 50 faizdən çox azalmışdır.
Xatırladaq ki, saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər cinayət məsuliyyəti daşıyırlar. Cinayət Məcəlləsinə əsasən, satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.