Xəbər verdiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının rəhbərinin müavini və qurumun Avropa və MDB üzrə regional bürosunun direktoru Miryana Spolyariç Eqqer Bakıda səfərdədir. Səfər barədə jurnalistlərə məlumat verən M.S.Eqqer BMT İnkişaf Proqramının prioritet inkişaf istiqamətlərində Azərbaycana bundan sonra da dəstək veriləcəyini bildirib: "Azərbaycanda olmağımdan çox şadam. Bu səfər çərçivəsində Azərbaycanda keçirilən İnternet İdarəçiliyi Forumuna qatılmaq mənim üçün çox xoşdur və böyük məmnuniyyətlə burada iştirak etdim. Eyni zamanda Bakıda keçiriləcək Qlobal Forumda da iştirak edəcəm".
M.S.Eqqer səfər çərçivəsində Azərbaycanın bir sıra rəsmi dairələrinin rəhbərləri ilə görüşəcəyini qeyd edib, ölkəmizlə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklərini vurğulayıb: "Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, artıq 20 ildən çox davam edən əməkdaşlığımız var və çalışacağıq ki, bu əlaqələri daha da dərinləşdirək. BMT İnkişaf Proqramı prioritet inkişaf istiqamətlərində Azərbaycana verəcəyi dəstəyi öz planlarına daxil edəcək".
Fərqanə ALLAHVERDİQIZI