“Azexport.az” portalına 236,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub

2021.07.31 11:50 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında “Azexport.az” portalına 236,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayında bildirilir ki, bu ilin iyun ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 42,3 milyon ABŞ dolları təşkil edib. İyunda “Azexport.az” portalına ən çox ixrac sifarişi toyuq əti, toyuq yumurtası, çay, pambıq, tütün, günəbaxan yağı və sair mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin iyunun 30-na kimi (54 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 432 milyon ABŞ dolları təşkil edib.