Birinci yarımildə qeyri-neft sektoru üzrə ixrac 27 faizdən çox artıb

2021.07.30 14:48 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına əsasən, qeyri-neft sektoru üzrə ixracın həcmi 1,2 milyard dollar təşkil edib, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27,1 faiz artıb.

Bu dövrdə ixracatın əsas hərəkətverici amili neft sektoru olsa da, bərpa dönəmində qeyri-neft ixracı üzrə pay 13,2 faizə qədər artıb. İlk 6 ayda adambaşına düşən qeyri-neft və qaz ixracında da artım müşahidə edilib.

Normallaşma prosesinin davam etdiyi dövrdə iyun ayı üzrə xarici ticarət həcmi 2,4 milyard dollar olmaqla, ölkə üzrə ixrac 1,4 milyard dollar, idxal isə 997,1 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 33,7 faiz təşkil etməklə 254,9 milyon dollar olub. İyun ayında qeyri-neft ixracının ümumi ixracda payının təxminən 20 faizə yaxınlaşması da əlamətdar hadisə kimi qeyd edilir.

2021-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) birinci olub: 123,6 milyon ABŞ dolları həcmində pomidor ixrac edilib. Bu siyahıda pambıq mahlıcı ikinci (121,9 milyon ABŞ dolları), qızıl isə üçüncüdür (107,9 milyon ABŞ dolları).

2021-ci ilin yanvar-iyun ayları ərzində Rusiyaya 403,8 milyon, Türkiyəyə 309,5 milyon, İsveçrəyə 117,6 milyon, Gürcüstana 80,2 milyon və ABŞ-a 30,3 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-cu ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (124,4 milyon dollar) birinci, Türkiyə ikinci (54,5 milyon ABŞ dollar), İsveçrə üçüncüdür (26,5 milyon dollar).