Şakira vergi qalmaqalına görə İspaniyada mühakimə oluna bilər

2021.08.02 13:49 (UTC+04:00)

Məşhur Kolumbiya müğənnisi Şakira vergidən yayındığına görə İspaniyada məhkəmə qarşısında cavab verməli ola bilər. İspaniyada nəşr olunan “El Pais” qəzetinin yazdığına görə, üç illik təhqiqat nəticəsində hakim bu qənaətə gəlib ki, Şakiranın müttəhimlər kürsüsünə çıxarılması üçün kifayət qədər əsaslar var. Onun 2012-2014-cü illərdə 14,5 milyon avro məbləğində vergini büdcədən yayındırdığı iddia edilir. Şakiraya qarşı altı vergi cinayəti üzrə iş qaldırılıb. Buna görə də onun öz günahını boynuna alması nəticəsində həbs oluna biləcəyi istisna edilmir.

Qeyd edək ki, Şakira 2011-ci ildən “Barselona” futbol komandasının oyuncusu Jerar Pike ilə birgə Madriddə yaşayıb. İspaniya qanunvericiliyinə görə, ölkə ərazisində yarım ildən çox yaşayan şəxs avtomatik şəkildə rezidentə çevrilir. Bu isə o deməkdir ki, rezident şəxs bütün gəlirlərindən, eləcə də xaricdə qazandığı gəlirlərdən İspaniya büdcəsinə vergi ödəməlidir. Şakira isə bildirir ki, həmin müddətdə o, Baham adalarında yaşayıb və İspaniyaya vaxtaşırı qonaq kimi gəlib.

2019-cu ilin yayında Şakira Barselonanın Espluqes-de-Lobreqat əyalətinin məhkəməsinə vergi yayındırma iddiasına əsasən ifadə vermişdi.