Rusiyada gənc sahibkarların vergi hüququ ilə bağlı maariflənməyə daha böyük ehtiyacı var

2021.07.29 18:12 (UTC+04:00)

“İzvestiya” qəzeti Rusiyada sahibkarlar arasında aparılmış sosioloji sorğunun nəticələrini açıqlayıb. 80 min iş adamının iştirak etdiyi sorğuya əsasən, ölkədə 18 yaşla 45 yaş arası sahibkarların vergi hüququ sahəsində bilikləri daha aşağıdır.

Sahibkarlar arasında ümumrusiya hüquq sorğusunun nəticələrinə əsasən, iştirakçıların 61 faizi sahibkarlıq hüququna aid suallara düzgün cavab verib. Korporativ hüquqa dair suallarda özünü doğruldanların nisbəti 59 faiz, arbitraj hüququnda isə 57 faiz olub. Rusiya sahibkarlıq tarixini bilənlər 55 faiz təşkil edib. Mülki hüquqa dair sualları iştirakçıların 51 faizi, vergiyə dair sualları isə 49 faizi düzgün cavablandırıb.

Yaş qrupları üzrə 18 yaşdan 23 yaşadək sahibkarların cəmi 34 faizi vergi hüququna dair suallara düzgün cavab verib. Bu göstərici 36-45 yaş arasında sahibkarlarda 41 faiz olub.