İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail rəsmiləri ilə görüşüb

2021.07.29 11:53 (UTC+04:00)

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.

İsrailə səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin xarici işlər naziri Yair Lapidlə görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq əlaqələri diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan və İsrail arasında əməkdaşlıq yalnız iqtisadi tərəfdaşlığa deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Ölkəmizdə daim yəhudi icmasına böyük hörmət və müsbət münasibət mövcud olmuş, icma Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. İsrail Azərbaycanın dövlət müstəqilliyini tanıyan, diplomatik əlaqələr yaradan ilk dövlətlərdəndir. Ölkələrimiz arasında qarşılıqlı etimadın formalaşmasında dövlət başçılarının səfər və görüşləri xüsusi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, İsrail Dövləti 44 günlük Vətən Müharibəsi dövründə və müharibədən sonra Azərbaycanı daim dəstəkləyib, Ermənistanın təcavüzü ilə bağlı İsraildə Azərbaycana dəstək xarakterli müxtəlif tədbirlər təşkil edilib, bəyanatlar səsləndirilib.

İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan-İsrail Birgə Komissiyasının fəaliyyətinin aktiv şəkildə davam etdirilməsi üçün Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq işlər görülür, məlumat və əməkdaşlıq bazası genişləndirilir. Mikayıl Cabbarov bu ilin iyulunda təməli qoyulan Ələt Azad İqtisadi Zonası barədə məlumat verib və İsrail investorlarını iqtisadiyyatımızın müxtəlif sahələrinə sərmayə qoymağa dəvət edib.

Tərəflər iki ölkə arasında qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun bu ölkənin inşaat və mənzil siyasəti naziri Zeev Elkinlə görüşü keçirilib.

Görüşdə ikitərəfli iqtisadi münasibətlərimizin gücləndirilməsi perspektivləri və yeni əməkdaşlıq imkanları, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi barədə müzakirələr aparılıb, İsrail şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirakda marağı ifadə olunub.

İsrailli nazirlər ölkələrində Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndirib, tərəfdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, biznes-dialoqun təşviqi üçün əhəmiyyətli platforma olacağını, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni imkanlar yaradacağını, kənd təsərrüfatı, İKT, investisiya, turizm kimi sahələrin inkişafına töhfə verəcəyini vurğulayıblar.