İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat icmalı” jurnalının növbəti buraxılışı “Azərbaycan iqtisadiyyatının postkonflikt dövrü: çağırışlar və uğurlar” mövzusunda olub.
İİTKM-dən bildirilib ki, “İslahat icmalı”nda qeyd edilib ki, ilk 6 ayda Azərbaycanda qeyri-neft sektorunda 5,1 faizlik artım qeydə alınıb. Hansı ki, bu il Beynəlxalq Valyuta Fondu Avropanın inkişaf etməkdə olan ölkələrində 4,4 faiz, Latın Amerikası və Karib ölkələrində 4,6 faiz, Yaxın Şərq və Mərkəzi Asiyada 3,7 faiz və Sub-Sahara Afrikada 3,4 faiz iqtisadi artım proqnozlaşdırır. Beləliklə, Azərbaycanın qeyri-neft sektorunun bu ilin ilk 6 ayındakı artım tempi sadalanan ölkə qrupları üzrə 2021-ci ildə iqtisadi artım proqnozlarını üstələyir.
Dövlət idarəetmə islahatları, o cümlədən, vergi-gömrük inzibatçılığının təkmilləşməsi, şəffaflaşdırma və kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində dövlət büdcəsinin gəlirləri artır. Dövlət idarəetmə islahatlarının aparılması, dövlət müəssisələrində korporativ idarəetmənin genişləndirilməsi, vergi-gömrük administrasiyasının təkmilləşdirilməsi, fiskal institutların islahatı, büdcə vəsaitlərindən səmərəli və şəffaf istifadənin artırılması, elektron hökümətin əhatə dairəsinin genişləndirilməsi, ASAN, DOST, “Azexport” kimi platformaların gücləndirilməsi nəticə etibarı ilə şəffaflıq, hesabatlılıq və səmərəliliyin daha da yüksəldilməsinə xidmət edir.
“İslahat icmalı”nda, həmçinin qeyd edilib ki, Azərbaycanda sosial ödənişlər son üç ildə 60 faizdən çox artıb. Son 3 ildə Azərbaycanda minimum pensiya 82 faiz, orta pensiya 60 faiz, orta müavinat 100 faiz və ünvanlı sosial yardım 72 faiz artıb. Hazırda yaşayış minimumu 196 manat olduğu halda, orta pensiya 360 manat və minimal əmək haqqı 250 manat təşkil etməklə yaşayış minimumunu üstələyir.
İcmalın xüsusi buraxılışı ilə bu linkdən tanış olmaq mümkündür: https://bit.ly/3i51d8y