Maldiv adalarında ölkədən çıxış üçün vergi tətbiq olunacaq

2021.07.28 14:26 (UTC+04:00)

Maldiv adaları hakimiyyətinin Vergi Məcəlləsinə etdiyi son dəyişikliyə görə, respublikanın ərazisindən çıxan bütün vətəndaşlar, eləcə də turistlər vergi ödəməli olacaqlar.

Yeni qanun 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minəcək və hazırda qüvvədə olan, Maldiv adalarını təyyarə ilə tərk edənlərdən tutulan hava limanı yığımını əvəz edəcək. Bu barədə verilən açıqlamada qeyd edilib ki, iki yaşadək uşaqlar, eləcə də diplomatik toxunulmazlığı olan şəxslər vergi ödəməkdən azad ediləcəklər.

Ekonom-klass təyyarə bileti ilə uçan əcnəbi sərnişinlər ölkədən çıxmaq üçün 30 dollar, yerli vətəndaşlar isə 12 dollar ödəməli olacaqlar. Biznes-klass bileti olan sərnişinlərdən 60 dollar, birici sinif bileti olan sərnişinlərdən isə 90 dollar vergi tutulacaq.

Qanun dəyişikliyi şəxsi təyyarə ilə uçan sərnişinlərə də şamil olunur: onlar Maldiv adalarından çıxış üçün adambaşına 120 dollar ödəməli olacaqlar.

Qanuna əsasən, ödənişlər ABŞ dolları ilə aparılacaq.