Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yanvar-iyun ayları ərzində büdcə gəlirləri 6 milyard 886,1 milyon manat, büdcə xərcləri isə 4 milyard 708,7 milyon manat təşkil edib.
Fonddan bildirilib ki, 6 ayda ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 959,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 milyard 175 milyon manat, bonus ödənişləri 768,6 milyon manat, tranzit gəlirləri 10,8 milyon manat, akrhesabı ödənişlər 4,7 milyon manat təşkil edib. Hesabat dövrü ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 927 milyon manata bərabər olub.
Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-in 2021-ci il büdcəsinin icrası çərçivəsində 4 milyard 696,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 1,4 milyon manat yönəldilib. Yarım ildə ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 10,6 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərcləri 1 milyard 258,2 milyon manat olub. 2021-ci il iyunun 30-na fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 1,24 faiz artaraq 44 milyard 104,9 milyon dollar təşkil edib. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.