Ötən gün respublika ərazisində 292 toy şənliyinin monitorinqi aparılıb, 132 nəfər cərimələnib

2021.07.26 12:30 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri iyulun 25-də Bakı şəhərində və respublikanın digər ərazilərində 292 toy şənliyinin monitorinqini həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinq 204 şadlıq sarayında və 88 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi açılıb. Həmçinin 132 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. Bundan başqa, 6 nəfər barəsində materiallar baxılması üçün məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığına görə 2345 nəfər şənliyə buraxılmayıb.