Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Ölkələrimiz həyatın müxtəlif sahələrində sıx əməkdaşlıq edirlər. Son 5 ayda Rusiya və Azərbaycan arasında ticarət əlaqələri demək olar ki, 4 faiz artıb. Bu, bizi çox sevindirir.
Bu fikirləri Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç iyulun 23-də Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində keçirilən tədbirdə deyib.
Nazir müavini qeyd edib ki, pandemiya hər bir ölkənin iqtisadiyyatına mənfi təsir göstərib. Postpandemiya şəraitində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edən D.Volvaç vurğulayıb ki, 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə əsasən, kommunikasiyanın açılması region ölkələri arasında əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradır.
O bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin iyulun 20-də keçirilən görüşündə ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi bir daha nəzərdən keçirilib. Mövcud reallıq yeni yanaşmalar tələb edir.