Şadlıq sarayı və restoranlarda fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib

2021.07.17 16:56 (UTC+04:00)

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il iyulun 1-dən ölkəmizdə şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verilib. Bu tip mərasimlər “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müəyyən olunmuş tələblərə uyğun təşkil edilməlidir. Şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsinə dair tələblərin izahı məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən şadlıq sarayları və restoranlarda fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarənin rəis müavini İlkin Həsənov şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsinə dair tələblər barədə məlumat verərək bildirib ki, müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl olunması, işçi heyətin zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi və toy mərasimlərinin qaydalara uyğun təşkil olunması zəruridir.

Sonra Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarənin Məlumatlandırma idarəsinin rəisi Fərhad Hüseynli “Şənlik mərasimlərinin təşkili qaydaları” mövzusunda təqdimatla çıxış edib, iş adamlarına mərasimlərin təşkili ilə bağlı əsas qaydalar izah olunub. Bildirilib ki, 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir. 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil edilən şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir. Mərasim keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir. Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış onun keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalanmalıdır. Müəyyən olunmuş tələblərin pozulması hallarına görə məkan və şənlik sahibi birgə cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin açıq və qapalı məkanda keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

Görüşdə Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin Vergi ödəyicilərinə xidmətin təşkili şöbəsinin rəisi Məmməd Quliyev tədbir iştirakçılarına koronavirus infeksiyasına qarşı tələblərə nəzarəti təmin etmək məqsədilə müvafiq dövlət qurumları tərəfindən aparılan monitorinqlər barədə məlumat verib. Qeyd edilib ki, Daxili İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən ibarət monitorinq qrupları şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırır və zəruri qaydaların pozulması hallarının qarşısını alır. Monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi məkanlarda əsasən sıxlıq, portala məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması, şadlıq sarayının sahibi ilə məclis sahibi arasında imzalanan iltizamnamənin tələblərinə əməl edilməməsi kimi pozuntular qeydə alınıb.

Görüş iştirakçıları İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulmasına görə nəzərdə tutulmuş hallar barədə də məlumatlandırılıblar. Qanunvericiliyə görə, qayda pozuntusuna yol vermiş fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək, hüquqi şəxslər 5000 manatdan 11000 manatadək məbləğdə cərimə edilir. İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə, şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul oluna bilər.

Tədbirdə vergi ödəyicilərinin şənlik mərasimləri ilə bağlı müəyyən edilmiş tələblər, nəzarət və məsuliyyət tədbirləri və s. kimi məsələlərlə bağlı çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, şənlik mərasimlərinin təşkili ilə əlaqədar görüşlərin keçirilməsi və vergi ödəyicilərinin məlumatlandırılması davam etdiriləcək.