Yanvar-iyun aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 6 ayda ölkəmizdən İtaliyaya dəyəri 362,9 milyon ABŞ dolları olmaqla 1 milyard 626 milyon kubmetr, Yunanıstana 69,1 milyon dollarlıq 266,4 milyon kubmetr, Bolqarıstana isə 16,7 milyon dollarlıq 119,5 min kubmetr təbii qaz ixrac edilib.
Hesabat dövründə Türkiyəyə 880,7 milyon dollarlıq 6 milyard 292,8 milyon kubmetr, Gürcüstana 252,8 milyon dollarlıq 1 milyard 989,9 milyon kubmetr, İrana isə 3,1 milyon dollarlıq 84 milyon kubmetr qaz ixrac olunub.
Qeyd edək ki, ilin birinci yarısında ölkədən ümumilikdə 10 milyard 378,9 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 1 milyard 585,6 milyon dollar təşkil edib.
Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.
TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.
Azərbaycan təbii qazını Yunanıstan, İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropa ildə 10 milyard kubmetr qaz nəql olunacaq.