Tikinti şirkətlərinin nümayəndələri ilə vergi sahəsində aktual məsələlər müzakirə edilib

2021.07.16 17:08 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə dialoq formatında görüşlərin keçirilməsi və birgə əməkdaşlıq davam etdirilir.

DVX-dən bildirilib ki, növbəti belə görüş "Azərbaycan tikinti materialları istehsalçıları assosiasiyası" İctimai Birliyinin, sahibkarların və Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturların nümayəndələrinin iştirakı ilə təşkil olunub.

Onlayn formatda keçirilən görüşdə tikinti şirkətlərinin fəaliyyəti, tikinti şirkətləri tərəfindən istehsal olunan məhsulların rəsmi qaydada satışı ilə bağlı mövcud çətinliklər, tikinti məhsullarının ixracı, xarici valyutanın məzənnəsinin dəyişməsi zamanı yaranan problemlər, onların həlli və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə edilib. Vergi öhdəliklərinin icrası, vergi yoxlamaları, vergi nəzarəti və hesabatlılığa dair qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.

Görüşdə tikinti sektorunun nümayəndələrinin vergi qanunvericiliyi ilə bağlı təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib və birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.