İspaniyada Ançelottidən 1,4 milyon avro vergi tutmaq üçün “Real” klubuna müraciət edilib

2021.07.17 14:29 (UTC+04:00)

İspaniyanın vergi orqanları vergi borclarını tam ödəmədiyi üçün “Real” futbol komandasının baş məşqçisi Karlo Ançelottinin maaşından 1,4 milyon avro vəsaitin tutulması ilə bağlı klubun rəhbərliyinə müraciət edib. Müraciətdə vaxtında ödənilməmiş vergi borcunun faizinin 23 min avro olduğu bildirilir.

Bundan əlavə, Madrid şəhərinin 35 nömrəli Təlimat Məhkəməsi Ançelottiyə qarşı vergi qanunvericiliyinin pozulmasına görə iddia qaldırıb və onun iyulun 23-dək ifadə verməsini tələb edib. İspaniya prokurorluğu Ançelottinin 2013-cü ildən 2015-ci ilə qədər məşqçiliyi dövründə iki vergi cinayəti işlədiyindən şübhələnir. Prokurorluğun mövqeyinə görə, Ançelotti İspaniya qanunvericiliyinə uyğun olaraq məvacibinin 45 faizi həcmində vergi ödəmək əvəzinə, cəmi 10 faiz vergi ödəyib.