Nyu-York dəbdəbəli əmlak vergisindən yığılacaq vəsaiti nəqliyyat sisteminə yönəltməyi planlaşdırır

2019.03.13 19:34 (UTC+04:00)

ABŞ-ın Nyu-York ştatının hökuməti qeyri-rezident dəbdəbəli daşınmaz əmlak sahiblərinə ayrıca vergi tətbiq etməyi planlaşdırır. Bu verginin tutulmasında başlıca məqsəd Nyu-Yorkun nəqliyyat sistemini modernləşdirmək üçün lazım olan vəsaitin 9 milyard dollarlıq hissəsini əldə etməkdir. Nyu-York ştatının büdcə idarəsinin direktoru Robert Medcik 2020-ci ilin dekabrından sonra ştatın qədim mədəniyyət mərkəzi olan Manhettenə köçmək üçün yığım tətbiq etməyi planlaşdırır. Onun hesablamalarına əsasən, bu addımın atılması büdcəyə 15 milyard dollar həcmində əlavə vəsait gətirə bilər. Bundan əlavə, internet üzərindən satış üçün vergidən 5 milyard, tibbi məqsədlər üçün çətənənin leqallaşdırılmasından 2 milyard, Nyu-Yorkda daimi yaşayan bahalı əmlak sahiblərindən tutulacaq dəbdəbə vergisindən isə 9 milyard dollar vəsait yığmaq mümkün olacaq. Büdcə idarəsinin direktorunun sözlərinə görə, bu məbləğ Nyu-Yorkun nəqliyyat sisteminin büdcə kəsirinin aradan qaldırılması üçün yetərli deyil, sistemin modernləşdirilməsinə 40 milyard dollar vəsait tələb olunur.