Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19,4 milyard manatlıq məhsul satılıb

2021.07.16 15:06 (UTC+04:00)

Yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19 milyard 383,1 milyon manatlıq, o cümlədən 10 milyard 436,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8 milyard 946,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 1,1 faiz artıb.

Bu ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 322,7 manat və ya 2020-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 17,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 173,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları alıb.

Yarım ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.