Cari ilin 6 ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,3 faiz azalaraq 23,1 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2 faiz azalması hesabına baş verib, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 16,6 faiz artıb. Sənaye məhsulunun 62,6 faizi mədənçıxarma, 31,3 faizi emal, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun payı 81,9 faiz olub.
Ümumi istehsalın 90,7 faizi sənaye məhsullarının istehsalı, 9,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Bu ilin yanvar-iyun aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə istehsal vasitələrinin istehsalı 54,8 faiz, aralıq istehlak məhsullarının istehsalı 20,7 faiz, qısamüddətli istifadədə olan malların istehsalı 10,3 faiz artıb, enerji məhsullarının istehsalı 0,5 faiz, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı isə 22,4 faiz azalıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyulun 1-nə 671 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 0,5 faizi Naxçıvan Muxtar Respublikasının, 52,9 faizi Bakı, 13,3 faizi Sumqayıt, 7,8 faizi Gəncə, 4,6 faizi Şirvan şəhərlərinin, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 69,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.