Vergi Məcəlləsinin 99.3.12-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar muzdlu işə aid olmayan fəaliyyətdən gəlir kimi tövsif edilir. Ona görə də bu gəlirlər üçün vergi dərəcəsi 10 faiz təşkil edir. Məcəllənin 101.5-ci maddəsində qeyd olunub ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. Qayda qeyri-rezidentlərə də (maddə 125.1.8.) şamil edilir. Bu müddəa Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə olunmuş nağd pul vəsaitlərinə aid deyil.
Vergi Məcəlləsinin 150-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxs (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludur. Başqa sözlə, vergi agentləri əldə olunan gəlirdən 10 faizlik vergini ödəniş vaxtı tutmalıdır.
İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər sadələşdirilmiş verginin ödəyicilərinin siyahısındadır (maddə 218.4.2). Məcəllənin 219.4-cü maddəsində göstərilib ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilən vəsaitdən 6 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə vergi ödənilməlidir.