KOBİA Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası ilə əməkdaşlıq edəcək

2021.07.15 18:15 (UTC+04:00)

Bizneslər arasında birbaşa tərəfdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə yaradılan müxtəlif əməkdaşlıq platformaları və bu kimi digər təşəbbüslər Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir və agentlik belə platformalarla əməkdaşlıq edir.

KOBİA-dan bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Pakistanın investisiya mühiti barədə məlumatlıq səviyyəsinin artırılması, ölkələrimiz arasında ticarət əlaqələrini və investisiya qoyuluşunu genişləndirmək, işgüzar dairələr arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə bu yaxınlarda yaradılmış Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (“PAKAZCHAM”) prezidenti Xürrəm Bhatti ilə görüşüb.

Agentliyin sədri Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini vurğulayıb, KOBİA-nın palata ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə əməkdaşlıq perspektivlərinə, iş adamlarının əlaqələndirilməsi və təşəbbüslərinin reallaşdırılmasına birgə dəstəyin göstərilməsinə dair fikir mübadiləsi aparılıb.