Fərdi sahibkarların sayı 1 milyon 100 mini keçib

2021.07.15 18:09 (UTC+04:00)

İyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 100 mini ötüb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9 faiz), Lənkəran-Astara (9,8 faiz), Qazax-Tovuz (7,5 faiz) və Mərkəzi Aran (6,8 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,7 faizini kişilər, 21,3 faizini isə qadınlar təşkil edib.

Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 31,2 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 23,9 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,9 faizini təşkil edir. Sahibkar qadınların 30,6 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 8,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Gəncə-Daşkəsən (25,4 faiz), Qazax-Tovuz (24,6 faiz), Bakı (23,4 faiz), Naxçıvan Muxtar Respublikası (22,8 faiz) və Lənkəran-Astara (21,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.