Aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət monitoring qrupları Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə nəzarət tədbirlərini davam etdirir.
İyulun 14-də keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu əsasən tədbirə gələn qonaqların say məhdudiyyətin pozulması, qonaqların üzərində COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlərin olmaması ilə bağlıdır. Bir sıra hallarda isə şənlik mərasimlərinin icaze.e-gov.az portalına müvafiq məlumatların düzgün daxil edilməməsi halları da qeydə alınıb. Monitorinq qruplarının məkan və toy sahibləri ilə apardığı izahat işlərindən sonra pozuntular aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.
Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların bir daha nəzərinə çatdırılır ki, müəyyən edilmiş qaydalar və şərtlərə əməl olunmalıdır. Bu qayda və şərtlərə riayət edilməsi isə sağlamlığın qorunması üçün vacib amillərdəndir.
Məkan sahibləri şənlik məclislərini müvafiq portalda əvvəlcədən qeydiyyata salmalı, zalların ölçüsünə uyğun qonaq qəbul edilməsinə xüsusi diqqət yetirməlidirlər. Bu cür tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün qonaqların say məhdudiyyəti faktorunu nəzərə almaları, məclis iştirakçılarının müvafiq sənədlərə malik olmasını əvvəlcədən dəqiqləşdirmələri tövsiyə edilir.