Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən birgə icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” çərçivəsində “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” layihəsinə start verilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, gənclər arasında işsizlik səviyyəsinin azaldılmasına yönələn layihə gənc və təcrübəsiz şəxsləri işə qəbul etməsi üçün işəgötürənləri həvəsləndirmək məqsədilə icra olunur.
Layihə çərçivəsində işlə təmin edilən gənclərin əməkhaqqlarının 50 faizi Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək. Layihəyə 18-29 yaş aralığında, məsuliyyətli və öyrənməyə həvəsi olan, iş təcrübəsi olmayan, işsiz və işaxtaran gənclər müraciət edə bilərlər. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan və əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək. Gənclər layihəyə www.genc.az saytı və “GencAPP” mobil tətbiqi vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, müraciət müddəti 15 iyul-15 avqust tarixlərini əhatə edəcək.