Aİ sərhəddən keçirilərkən karbon vergisi tutulacaq məhsulların siyahısını müəyyənləşdirib

2021.07.16 13:40 (UTC+04:00)

Avropa Komissiyası iqlim dəyişikliyinə qarşı genişmiqyaslı mübarizə proqramını təqdim edib. Proqrama idxal məhsullarına transsərhəd karbon vergisinin tətbiqi də daxildir. Sərhəddən keçirilərkən vergi tutulacaq ixrac mallarının siyahısına alüminium (külçəsi də daxil olmaqla), dəmir və polad, eləcə də onlardan hazırlanmış məmulatlar, gübrələr, sement və elektrik enerjisi salınıb.

İstehsalçılar məhsul Avropa İttifaqına (Aİ) daxil olarkən vergi ödəməli olacaqlar. Bu verginin həcmi konkret məhsulun buraxılışı zamanı karbonun Aİ üçün etalon göstəricidən nə qədər yüksək olmasından asılı olacaq. İdxalçılar üçün karbon vergisi mərhələli şəkildə tətbiq ediləcək: 2023-cü ildən onlar idxal etdikləri məhsulun karbon təsirləri barədə hesabat verəcəklər, 2026-cı ildən isə vergi ödəməyə başlayacaqlar. Beləliklə, transsərhəd karbon vergisinin tutulmayacağı keçid dövrü müəyyənləşdirilib.