Vergi qanunvericiliyinə dair təkliflər müzakirə edilib

2021.07.15 12:05 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılıqla bağlı qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə keçirdiyi görüşlər davam edir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, növbəti belə tədbir Azərbaycan Banklar Assosiasiyasının və DVX-nin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda təşkil edilib. Vergi siyasəti baş idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə assosiasiya tərəfindən vergi qanunvericiliyində dəyişiklik edilməsi məqsədilə verilən təkliflər müzakirə olunub.

Tədbirdə maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə xidmət göstərilən zaman yerli normativ-hüquqi aktların, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi məqsədilə təqdim olunması nəzərdə tutulan məlumat formalarının doldurulması və göndərilməsi prosesində yaranan çətinliklər dinlənilib və müvafiq izahatlar verilib.