Böyük Britaniya 250 milyon dollar dəyərində kriptovalyutanı müsadirə edib

2021.07.15 13:58 (UTC+04:00)

London polisi rekord səviyyədə - 180 milyon funt sterlinq və ya 250 milyon dollar dəyərində kriptovalyutanı müsadirə edib. Polisi bu addımı atmağa vadar edən cinayətkar qüvvələrin bu vəsaitdən çirkli pulları yumaq üçün istifadə etmələri olub. Bundan əvvəl də – iyun ayının sonunda Londonda 114 milyon funt sterlinq (160 milyon dollar) dəyərində kriptovalyuta müsadirə edilmişdi.

Mütəxəssislərin rəyinə görə, cinayətkarların kritovalyuta tranzaksiyalarına tez-tez üstünlük verməsinin əsas səbəbi həm vəsaiti göndərən, həm də alan tərəfin gizli saxlanılmasındadır.

“Cinayət yolu ilə ələ keçirilən gəlirlər müxtəlif üsullarla “yuyulur”, – London polis komissarı köməkçisinin müavini Qrehəm Maknalti bildirib. – Kriminal aləm hələ əvvəlki kimi nağd vəsaitlərlə idarə edilsə də, görürük ki, təşkilatlanmış cinayət qrupları çirkli pulların yuyulmasında rəqəmsal ticarət platformalarının inkişaf səviyyəsinə uyğun olaraq kriptovalyutadan getdikcə daha fəal istifadə edirlər”.