Vergidən yayınmanın qarşısının alınmasında məlumat mübadiləsi əhəmiyyətli rol oynayır

2019.03.13 15:31 (UTC+04:00)

Fevralın 25-dən martın 1-dək Türkiyənin paytaxtı Ankara şəhərində "Məlumat mübadiləsi offşor vergidən yayınmanın qarşısının alınması vasitəsi kimi" mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycanı Vergilər Nazirliyinin Beynəlxalq vergitutma və vergi monitorinqi departamentinin Beynəlxalq məlumat mübadiləsi və inzibati yardım şöbəsinin rəhbəri Səbinə Mirzəyeva, baş dövlət vergi müfəttişi Anar Salamov təmsil ediblər. Tədbirdə Səbinə Mirzəyeva "Azərbaycanda vergi məlumatının mübadiləsi" mövzusunda təqdimatla çıxış edib.

Seminar çərçivəsində sorğu əsasında məlumat mübadiləsi və avtomatik məlumat mübadiləsi, eləcə də məxfilik və benefisiar sahiblik kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb. Ölkəmizin təmsilçiləri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələri ilə görüşərək, Azərbaycan Respublikası üzrə Qlobal Forum tərəfindən keçirilmiş qiymətləndirmə prosesinin nəticəsində verilmiş tövsiyələri müzakirə ediblər.