İpoteka krediti hesabına daha çox ucuz mənzillər alınır

2021.07.14 16:26 (UTC+04:00)

İyun ayı ərzində daşınmaz əmlak bazarında 2,24% artım olub. Bu ilin iyun ayının göstəricisi ötən ilin eyni dövrünün göstərcisindən 4,94% çoxdur.

“MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bu sahədəki mövcud vəziyyəti şərh edərkən bildirib ki, keçən ay təkrar mənzil bazarında 1,69% artım olsa da, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,23% azdır. İlkin mənzil bazarında isə ay ərzində 1,24% artım qeydə alınıb və bu sahədə ötən ilin eyni ayı ilə müqayisədə 1,61% artım olub: “Torpaq bazarında 0,49% artım var. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə 10,22% faiz azalma müşahidə olunur.

Azalmanın səbəbi tikinti norma və standartlarına nəzarətin sərtləşdirilməsidir ki, nəticədə tikintinin həcmi azalır. Əvvəllər 1 hektar ərazidə 50-60 min kvadratmetr tikinti aparılırdısa, indiki norma və standarta görə 20-26 min kvadratmetr tikilə bilərlər. Bu, tikintinin maya dəyərini artırır və nəticəsə torpağın qiymətinə öz təsirini göstərir. Fərdi yaşayış və bağ evləri bazarında isə ay ərzində 3,8%, (ötən ilin eyni ayı ilə müqayisədə 7,33%), kommersiya obyektləri bazarında 5,17% (ötən illin eyni dövrü ilə müqayisədə 14,7%) artım var”.

Ekspert bildirir ki, kirayə mənzil bazarında 5,13%, (ötən ilin eyni dövrü ilə müqayisədə 11,24%), ticarət obyektlərinin icarəsi bazarında 5,78% (ötən ilin eyni dövrü ilə müqayisədə 13,47%), tikinti materialları bazarında 0,51% (ötən ilin eyni dövrü ilə müqayisədə 21,56 %) artım var. İyun ayında fərdi yaşayış və bağ evlərinin kirayəsi bazarında 11,05% artım olsa da, bu göstərici ötən ilin eyni ayı ilə müqaisədə 14,17% azalma var.

Mənzil bazarında qiymətlərin sabit qaldığını deyən ekspert bildirib ki, ipoteka krediti hesabına daha çox ucuz mənzillər alınır. Bahalı mənzillərə isə hazırda ciddi tələbat yoxdur.