Xaricdən alınmış borc üzrə ödənilən faizlər

2019.03.13 16:59 (UTC+04:00)

Müəssisə avtomobillərin idxalı və satışı ilə məşğuldur. Almaniyada yerləşən təchizatçı şirkətdən illik faiz dərəcəsi 10 faiz olmaqla ikiillik müddətə 200 min avro borc alınmışdır. Xaricdən alınmış borc üzrə ödənilən faizləri gəlirdən çıxmaq olarmı?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, xaricdən alınmış borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna edilməklə) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir. Eyni zamanda, Vergi Məcəlləsinə əlavə olunmuş kapital anlayışına əsasən, kapital - aktivlərdən bütün öhdəliklər çıxıldıqdan sonra vergi ödəyicisinin xalis aktivlərinin dəyəridir.

Dəyişikliyə əsasən, vergi ödəyicisinin xaricdən aldığı borclarının xalis aktivlərindən iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlər gəlirdən çıxılmayacaq. Bu məhdudiyyət xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclara, habelə rezident bankların və kredit təşkilatlarının xaricdən aldığı borclara aid edilmir.

Misal:
"A" MMC-nin xalis aktivlərinin dəyəri 100.000 manatdır. Cəmiyyət illik 10 faiz olmaqla xaricdən 350.000 manat borc alıb. Bu halda, cəmiyyət xaricdən alınmış borca görə illik hesablanmış faizi aşağıdakı qaydada gəlirdən çıxmalıdır:

100.000 x 2 = 200.000 xalis aktivin iki misli;
350.000 – 200.000 = 150.000 xalis aktivdən iki dəfədən çox olan hissə;
200.000 x 10% = 20.000 xərcə silinə bilən məbləğ;
150.000 x 10% = 15.000 xərcə silinə bilinməyən məbləğ.

Əsas: Vergi Məcəlləsi, 110-cu maddə