Avropa Şurasının rəhbəri G20 ölkələrinin qlobal vergi islahatını dəstəkləməsini tarixi addım adlandırıb

2021.07.13 13:54 (UTC+04:00)

Avropa Şurasının rəhbəri Şarl Mişel transmilli korporasiyaların gəlirlərinə minimal verginin tətbiqini nəzərdə tutan vergi islahatını “iyirmiliyin” dəstəkləməsini tarixi hadisə hesab etdiyini bildirib. “Bu, daha ədalətli dünyaya tərəf atılmış bir addımdır. Korporativ vergitutma ilə bağlı qlobal islahatın aparılması istiqamətində tarixi razılaşma əldə edilib. Növbəti addım İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) yekun sazişin imzalanması olacaq”, - Şarl Mişel sosial şəbəkə hesabındakı açıqlamasında yazıb.

Qeyd edək ki, G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri İtaliyanın Venesiya şəhərində keçirilmiş zirvə görüşündə beynəlxalq vergi islahatının keçirilməsinə tərəfdar olduqlarını bildiriblər. İyulun əvvəlində OECD tərəfindən bəyan edilmişdi ki, təşkilatın üzvlərinin on il ərzində hazırladıqları beynəlxalq vergi sisteminin islahatı təşəbbüsünə 100-dən artıq ölkə qoşulub.
İslahat planının texniki təfərrüatlarının və həyata keçirilmə sxeminin bu ilin oktyabr ayına qədər təsdiqlənəcəyi gözlənilir.