Almaniya Vergi Ödəyiciləri Birliyi israfçılığın qarşısının alınmasını tələb edib

2019.03.13 13:10 (UTC+04:00)

Son açıqlamalardan məlum olub ki, Almaniya parlamentinin deputatları mobil telefon, planşet, dəftərxana ləvazimatları kimi əşyalar üçün dövlət büdcəsindən ayda orta hesabla 466 min avro vəsait xərcləyirlər. Keçən ilin noyabr ayında dəftərxana məsrəfləri üçün 872 min avro, dekabr ayında isə 1,5 milyon avro ödənilib. Ölkə qanunvericiliyinə görə, hər bir millət vəkilinə ildə əlavə xərclər üçün 12 min avro vəsait verilə bilər. Noyabr və dekabr aylarında deputatlar Parlament Aparatına 323 mobil telefon, 274 planşet, 171 kompüter almaq üçün müraciət ediblər.

Almaniyanın Vergi Ödəyiciləri Birliyi vətəndaşlardan yığılan vergilərin bu şəkildə israf edilməsinə qarşı çıxaraq xəbərdarlıq edib. Birliyin nümayəndəsi Rayner Holznagel ölkənin nüfuzlu "Bild" qəzetinə müsahibəsində deyib: "Deputatların vergilər hesabına qarşılanan xeyli imtiyazları var. Qaydalar çox yumşaqdır. Ciddi nəzarətin olmaması lüzumsuz və bahalı xərclərə şərait yaradır".