Səhiyyə sektorunda dövlət-özəl sektor tərəfdaşlığı modelinin tətbiqi imkanları müzakirə olunub

2021.07.12 12:40 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan İstanbul Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə Kamillik Mərkəzinin rəhbəri Eyup Vural Aydın, KOBİA-nın və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri arasında görüş keçirilib.

KOBİA-dan bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində keçirilmiş görüşdə səhiyyə sektorunda potensial dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) layihələrinin həyata keçirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb. Müzakirələr çərçivəsində Türkiyədə səhiyyə sektorunda həyata keçirilən DÖST layihələrinin xüsusiyyətləri barədə ətraflı məlumat verilib, eləcə də qardaş ölkənin müvafiq sahədə təcrübəsinin daha dərindən öyrənilməsi və ölkəmizdə belə layihələrin reallaşdırılması imkanlarının araşdırılması barədə birgə təşəbbüslərin həyata keçirilməsi təklif olunub.