Sosial sığorta haqları üzrə daxilolmalar 7,88 faiz artıb

2021.07.12 12:08 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2021-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrünə nisbətən 2,21 faiz (57 milyon manat) artaraq 2 milyard 614,2 milyon manat təşkil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, DSMF gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar isə 7,88 faiz (134,12 milyon manat) artaraq 1 milyard 836,85 milyon manat olub.

Daxilolmalara dair illik proqnoz büdcə təşkilatları üzrə 104,54 faiz, qeyri-büdcə sektoru üzrə 114,42 faiz icra edilib.