KOBİA-nın İtaliya-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq imkanları müzakirə edilib

2021.07.10 11:50 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə ölkələrimizin biznes dairələri arasında əlaqələrə, əməkdaşlıq perspektivlərinə və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

O.Məmmədov qeyd edib ki, KOBİA palata və İtaliyanın müvafiq qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Agentliyin palatanın fəxri üzvü olması və İtaliyanın müxtəlif qurumları ilə əməkdaşlığa dair imzalanmış sənədlər bu baxımdan ölkələrimizin biznes dairələri arasında mövcud əlaqələrin inkişafına və yeni biznes tərəfdaşlığının qurulmasına öz müsbət töhfəsini verəcək.

M.Traldi İtaliya şirkətlərinin Azərbaycanda biznes fəaliyyətlərini genişləndirməkdə maraqlı olduqlarını bildirib, bu sahədə KOBİA və palatanın birgə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.