Milli Məclis “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsini təsdiqləyib

2021.07.09 12:44 (UTC+04:00)

Milli Məclis iyulun 9-da keçirilən növbədənkənar iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Sənəd üçüncü oxunuşda müzakirə olunaraq təsdiqlənib.

Səkkiz fəsil, 23 maddədən ibarət sənəd enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyir və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına (qurumlarına), fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunur.

Qanunda enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub.