XXIV Avrasiya İqtisadi Zirvəsi - Ələt Azad İqtisadi Zonası böyük perspektivə malik beynəlxalq layihədir

2021.07.08 17:24 (UTC+04:00)

Azərbaycanın dəstəyi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XXIV Avrasiya İqtisadi Zirvəsi çərçivəsində “Mədəniyyətdə və sosial həyatda yeni üfüqlər: daha yeni başlanğıclar” mövzusunda panel iclası keçirilib.

Bu panel Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizinin strateji coğrafi əhəmiyyəti əsasında Prezident İlham Əliyev tərəfindən iyulun 1-də təməli qoyulan Ələt Azad İqtisadi Zonasına həsr olunub. Mövzu ətrafında geniş məruzə edən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycanın həyata keçirdiyi bu nəhəng beynəlxalq layihənin məqsəd və hədəflərini iştirakçılara çatdırıb.

Ələt Azad İqtisadi Zonasının coğrafi vəziyyətinin əlverişli-dənizin kənarında, dəniz limanının yaxınlığında yerləşdiyini, kifayət qədər böyük ərazini əhatə etdiyini, bu layihənin böyük tranzit və ixrac imkanlarına malik olduğunu diqqətə çatdıran V.Ələsgərov vurğulayıb ki, hazırda qarşıda duran mühüm vəzifələrdən biri xaricdən potensial investorları bölgəyə cəlb etməkdir. Ələt Azad İqtisadi Zonasının böyük perspektivə malik beynəlxalq iqtisadi layihə olduğunu ifadə edən V.Ələsgərov bu sahədə əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndirib, sərmayəçi, ixracatçı və tranzit nəqletmələr üçün vəd edilən böyük güzəştlər barədə geniş məlumat verib.

Sonra panelin sədarətində təmsil olunan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver Ələt Azad İqtisadi Zonasının strateji əhəmiyyəti və V.Ələsgərov məruzəsində yer alan mühüm məqamlara dair şərh verərək vurğulayıb ki, bu layihə Azərbaycanın həyata keçirdiyi digər layihələrin davamı kimi beynəlxalq ictimaiyyət və sərmayəçilər, biznes və iş dünyası tərəfindən maraqla qarşılanacaq. Əsas məqsəd Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunu rolunu yüksəltmək, enerji, nəqliyyat, tranzit daşımalar və logistikada sərmayənin genişləndirilməsi sayəsində ən yüksək dünya standartlarına uyğun mühit formalaşdırmaqdır. Bütün tədbirlər beynəlxalq mühitdə rəqabətədavamlı iqtisadiyyata nail olmaq dayanır.

Paneldə Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq rəqabətə davamlı iqtisadi yüksəlişə yönəltməsi siyasəti təhlil edilib.

V.Ələsgərov məruzəsindən sonra Monqolustan parlamentinin sədri Zandanshatar Gombajav, Rumıniyanın şahzadəsi Radu Al Romaniei, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Rövşən Nuragdyyev, Çin Xarici İşlər İnstitutunun rəhbərinin müavini, səfir Ou Boqian, ABŞ-da fəaliyyət göstərən dünyada Sülh və Sevgi Federasiyasının sədri Hong Tao-tze və başqaları çıxış ediblər.

Həmçinin Türk Hava Yollarının (THY) çoxistiqamətli fəaliyyətinə dair təqdimat keçirilib.