Beynəlxalq mediada Fransanın ədliyyə naziri Erik Düpon-Moretti vəzifəyə gəlməzdən əvvəl qonorar kimi aldığı 300 min avro gəlirin vergi bəyannaməsini təqdim etmədiyi barədə xəbər yayılıb.
Erik Düpon-Moretti nazir vəzifəsində 2020-ci ilin iyun ayından çalışır, o vaxta qədərsə vəkil kimi fəaliyyət göstərib, kinoya çəkilib, kitab yazıb və teatr tamaşalarında çıxış edib. O, iki il əvvəl kitaba və “Madlen” teatrının səhnəsindəki çıxışlarına görə aldığı qonorarı vergidən gizlədib və dövlətə 180 min avro vergi borcu yaranıb.
Erik Düpon-Morettiyə yaxın olan dairələrdən bildirilib ki, 2018-19-cu illərə aid vergi bəyannaməsini doldurarkən o, belə bir səhvə yol verib. Lakin sonradan öz təşəbbüsü ilə Fransanın İqtisadiyyat və Maliyyə nazirliklərinə yeni vergi bəyannaməsi göndərərək ona qarşı irəli sürülən iddianı yoluna qoyub. Buna görə də keçən il hökumətin apardığı yoxlamada hər hansı qanun pozuntusu aşkar edilməyib.