Kiçik və orta sahibkarlıq subyektlərinin yeni ixrac bazarlarına çıxışının dəstəklənməsi müzakirə olunub

2021.07.08 12:39 (UTC+04:00)

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) innovativ layihələrinin təmsilçiləri və Azərbaycan Beynəlxalq Bankının (ABB) Sahibkarlar Klubu nümayəndələri arasında görüş keçirilib.

İİTKM-dən bildirilib ki, görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri olan “Azexport.az”, “Rəqəmsal Ticarət Qovşağı”, “Bir Pəncərə İxraca Dəstək Mərkəzi”, “EnterpriseAzerbaijan” portallarının rəhbərləri və Sahibkarlar Klubunun təmsilçiləri arasında mövcud vəziyyət və potensial əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların başlıca məqsədlərindən biri də ölkədə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılmasıdır. Bu məqsədlə bir çox layihələr həyata keçirilir, yeni dövlət proqramları qəbul olunur. Bu istiqamətdə ABB ilə İİTKM arasında da uğurlu əməkdaşlıq təcrübəsi var.

Tədbirdə çıxış edən nümayəndələr faktorinq, akkreditiv, ixrac krediti kimi müxtəlif maliyyə alətlərindən faydalanma imkanları, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinin yeni ixrac bazarlarına çıxışının dəstəklənməsi məqsədilə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə danışıqlar apararaq konkret təkliflər irəli sürüblər.

Qeyd edək ki, ABB-nin yaratdığı Sahibkarlar Klubunun 500-dən çox üzvü var.