Ölkəmizin iqtisadi rayonlarının yeni təsnifatı həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan mühüm əhəmiyyət daşıyır

2021.07.08 10:04 (UTC+04:00)

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.

İqtisadi rayonların yeni bölgüsünün ölkə iqtisadiyyatının inkişafı, eyni zamanda iqtisadiyyatın sistemli şəkildə idarə edilməsi baxımından vacib olduğunu deyən millət vəkili Vüqar Bayramov bildirib ki, yeni təsnifat iqtisadi rayonları coğrafi baxımdan fərqləndirməklə yanaşı, onların iqtisadi potensialına uyğun qiymətləndirmə aparağa da imkan verir: “Yeni təsnifat ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni reallıqlara əsaslanır. Hesab edirəm ki, iqtisadi rayonların yeni təsnifatı rayonlarımızın iqtisadi potensialının genişlənməsi baxımından da çox vacibdir. Bu, nəticə etibarilə həmin ərazilərdə iqtisadi inkişafın daha qısa zamanda formalaşmasına stimul yaradacaq.

Artıq ölkəmizin iqtisadi rayonlarının sırasında Qarabağ, Şərqi Zəngəzur da var və bu həm strateji, həm iqtisadi, həm də tarixi baxımından kifayət qədər vacib bir hadisədir. Qarabağ iqtisadi rayonunun istər sənaye, istər turizm, istərsə də aqrar sektorda böyük potensialı var. Bunun kimi, Şərqi Zəngəzur da həm aqrar sənaye, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur. Bu, işğaldan azad olunmuş ərazilərimizin, bütünlükdə Qarabağın bərpa və yenidən qurulması prosesinin daha sürətlə həyata keçirilməsinə, iqtisadi inkişafın formalaşmasının daha sistemli və dövlət proqramları çərçivəsində təmin olunmasına, həmin ərazilərin iqtisadi potensialından daha keyfiyyətlə istifadə edilməsinə imkan verəcək”.
V.Bayramov qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikasına və Türkiyə Respublikasına çıxış imkanları əldə ediləcək ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonunun strateji və coğrafi baxımından əhəmiyyətini göstərən faktordur.