Rusiyanın Maliyyə Nazirliyi dolları Milli Rifah Fondunun strukturundan çıxarıb

2021.07.07 13:28 (UTC+04:00)

Rusiyanın Maliyyə Nazirliyi Milli Rifah Fondu (MRF) vəsaitlərinin faktiki strukturunu yeni normativ struktura gətirmək üçün zəruri olan əməliyyatların başa çatdırıldığı barədə məlumat yayıb.

“Bu əməliyyatlar nəticəsində MRF vəsaitlərinin strukturundan ABŞ dolları çıxardılıb, funt sterlinqin payı 5 faizə salınıb, avronun payı 39,7 faizə, Çin yuanının payı 30,4 faizə qaldırılıb, Yaponiya yeninin payı 4,7 faiz, nağdsız qızılın payı isə 20,2 faiz təşkil edib”, - Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Bu dəyişiklik hökumətin mayın 21-də qəbul etdiyi qərara əsasən aparılıb. Maliyyə Nazirliyinin rəsmi məlumatında göstərilir ki, MRF-nin vəsaitlərinin struturunda aparılan dəyişikliklər son illərin makroiqtisadi və geosiyasi tendensiyaları, eləcə də Rusiya iqtisadiyyatının “dollarsızlaşdırılmasına” yönələn qərarlar kontekstində Fondun vəsaitlərinin qorunmasını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Rusiyada MRF neft və təbii qaz ixracından əldə edilən gəlirlərin toplandığı bir sistem kimi 2008-ci ildən fəaliyyət göstərir. 2021-ci ilin başlanğıcında fondun vəsaitləri 183,3 milyard dollar təşkil edirdi.