KOBİA “Məşğulluq marafonu”na qoşulub

2021.07.07 12:16 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulub.

KOBİA-dan bildirilib ki, bu məqsədlə agentlik tərəfindən mövcud və yeni yaradılacaq vakant iş yerləri barədə məlumatların müvafiq elektron sistemə daxil edilməsi üçün sahibkarlara müraciət olunub. Artıq KOBİA-nın çağrışı ilə 200-ə yaxın sahibkarlıq subyekti 340-dan çox vakant iş yerini qazilərimizin və şəhidlərimizin ailə üzvlərinin məşğulluğuna dəstək üçün təqdim edib. Hazırda sahibkarlar tərəfindən vakant iş yerlərinin müvafiq elektron sistemə daxil edilməsi davam etdirilir.

Həmçinin agentlikdə yaradılacaq iş yerləri barədə məlumatlar şəhidlərimizin ailə üzvlərinin və müharibədə maralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün müvafiq elektron sistemə daxil ediləcək. Bu yaxınlarda Vətən müharibəsi iştirakçısı KOBİA-da işlə təmin olunub.