Azərbaycanda PPP modelinin tətbiqinə dair fikir mübadiləsi aparılıb

2021.07.07 11:55 (UTC+04:00)

Dövlət özəl sektor tərəfdaşlığı (PPP) modeli dünyada geniş tətbiq olunmaqla, özəl investisiyaların cəlb olunması, innovasiyaların və effektiv idarəetmənin tətbiqi üçün əhəmiyyətlidir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə və ölkəmizdə tətbiqinə önəm verir. Agentliyin Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi bu sahədə geniş təcrübəyə malik olan Türkiyənin İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı (DÖST) Kamillik Mərkəzi ilə əməkdaşlıq edir. Ötən dövrdə İstanbul PPP Mərkəzinin dəstəyi ilə Azərbaycanda aidiyyəti dövlət qurumlarının iştirakı ilə bir sıra təlim və məlumatlandırma xarakterli tədbirlər təşkil olunub.

KOBİA-dan bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və İstanbul PPP Kamillik Mərkəzinin rəhbəri Eyup Vural Aydın arasında görüş keçirilib. Görüşdə PPP sahəsində agentlik və mərkəz arasında mövcud əməkdaşlığa və əlaqələrin genişləndirilməsinə, birgə təşəbbüslərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Azərbaycanda PPP mexanizminin tətbiqinin genişləndirilməsi üçün geniş imkanlar var. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması prosesində də PPP modeli tətbiq oluna bilər.