İran investorlarının Azərbaycan KOB-larının layihələrinə sərmayə qoyuluşu müzakirə olunub

2021.07.07 11:20 (UTC+04:00)

İran İslam Respublikasının Şərqi Azərbaycan (Təbriz) əyalətinin valisinin iqtisadiyyat və resursların inkişafı məsələləri üzrə müavini Əli Cahangirinin rəhbərlik etdiyi nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-dan bildirilib ki, görüşdə ikitərəfli biznes və ticarət tərəfdaşlığının, KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, ölkəmizdə mikro, kiçik və orta sahibkarlara göstərilən dəstək və xidmətlər, xarici tərəfdaşlarla əməkdaşlıq imkanları barədə məlumat verib.

Qeyd olunub ki, agentlik İran investorlarının Azərbaycan KOB-larının layihələrinə sərmayə qoyuluşu, hər iki ölkənin biznes assosiasiyaları arasında əməkdaşlığın qurulmasına dəstək göstərə bilər.

Əli Cahangiri İran iş adamlarının Azərbayanda həyata keçirilən investisiya layihələrində iştirakda maraqlı olduğunu qeyd edib, hər iki ölkədə təşkil olunacaq sərgilərdə iştiraka dair fikirlərini bildirib.