Ukraynada "Google vergisi" tətbiq olunmağa başlayıb

2021.07.12 13:40 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski xarici texnologiya şirkətlərindən, o cümlədən “Google”, “Facebook”, “Viber” kimi firmalardan əlavə dəyər vergisinin (ƏDV) tutulması barədə sərəncam imzalayıb.

“Sənəd Ukrayna ərazisində yaşayan şəxslərə elektron xidmətlər göstərən qeyri-rezident şirkətlərdən ƏDV tutulmasının xüsusi qaydasını müəyyənləşdirir. Bu addımın atılması dövlət büdcəsinə ƏDV daxilolmalarının artmasına şərait yaradacaq”, - Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Sənədə əsasən, Ukraynada il ərzində 1 milyon qrivnadan (62.244 manat) artıq dəyərdə elektron xidmət göstərən şirkətlər xüsusi elektron servis vasitəsilə sadələşdirilmiş prosedurla ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdırlar. Sadələşdirilmiş hesabatlılıq “dövlət (Ukrayna) və ya ingilis dilində” elektron formada göndərilməlidir.

İnternet üzərindən müəllim ilə dinləyici arasında ünsiyyət vasitəsi kimi istifadə edilən xidmətlər ƏDV ödənişindən azad ediliblər.