Azərbaycanda son günlər ayrı-ayrı regionlarda baş verən yanğın hadisələri, o cümlədən açıq ərazilərdəki yanğınlar taxıl və digər əkinləri də əhatə edir. Bundan əlavə, bir sıra regionlarda havaların qeyri-sabit keçməsi və dolu-yağış halları da əkinlərə zərər vurur. Yaranmış şəraitlə bağlı Aqrar Sığorta Fondu fermerlərə və iş adamlarına müraciət edib. Xatırladılıb ki, ölkədə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl və digər əkinlərin 50 faiz dövlət güzəşti ilə sığortalanması mümkündür.
Fondun məlumatına görə, aqrar sığorta tariflərinə əsasən 1 hektar taxıl (buğda-arpa) sahəsinin yanğından, doludan və digər hadisələrdən sığortalanması üçün sığorta haqqı:
Qarabağda - 10 manat;
Şəki-Zaqatalada - 16-17 manat;
Lənkəranda - 7 manat;
Dağlıq Şirvanda - 11-12 manat;
Aran rayonlarında - 8 manat;
Quba-Xaçmazda - 7 manat;
Gəncə-Qazaxda - 24-25 manat
Abşeronda - 7 manatdır.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilən “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.