Hazırda “AzerGold” QSC “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqları qrupu, “Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir.
Bu barədə “AzerGold”un 5 illik fəaliyyətinə dair açıqlamasında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
“Qarşıdakı illərdə həmin yataq qrupları üzrə yeni mədənlərin istismara verilməsi planlaşdırılır. Bu isə öz növbəsində, ölkədə, xüsusilə regionlarda yüzlərlə yeni iş yerinin yaradılması, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna milyardlarla manat həcmində gəlirin cəlb edilməsinə imkan verəcək”, - deyə İdarə Heyətinin sədri qeyd edib.