Əmək münasibətlərinin hüquqi əsasları təkmilləşdirilir

2021.07.06 12:31 (UTC+04:00)

Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir. Əgər müqavilədə işçi və işəgötürən barədə ətraflı məlumat verilirsə, müqavilədə işçinin iş yeri, vəzifəsi, peşəsi, müqavilənin müddəti, işçinin əmək funksiyası, iş və istirahət vaxtı, əmək haqqı, məzuniyyətin müddəti və vaxtı göstərilirsə, bu, əmək müqaviləsinin bağlanması deməkdir.

Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, bu münasibətlər yalnız əmək müqaviləsi ilə tənzimlənməlidir. Hər hansı şəxs qarşı tərəfə onun əsas fəaliyyət sahəsi üzrə xidmət göstərirsə, işlər yerinə yetirirsə, mütləq əmək müqaviləsi bağlanmalıdır.

Qanunvericilikdə mülki-hüquqi müqavilələrin bağlanması tam qadağan olunmayıb, sadəcə reqlamentləşdirilib.

Hətta elə məqamlar ortaya çıxır ki, hər hansı bir sahibkarlıq subyekti tərəfindən istənilən bir şəxslə bağlanan müqavilədə konkret vəzifə müəyyən edilir. Məsələn, iaşə obyektlərində müştərilərə xidmət göstərən şəxslərlə (deyək ki, restoranda işləyən ofisiantlarla) mülki-hüquqi müqavilələrin bağlanması qəbuledilməzdir. Çünki həmin ofisiantların o iş yerində yerinə yetirdiyi iş həmin iş yerinin fəaliyyət sahəsinə aid işdir. Lakin həmin iaşə obyektində hər hansı bir usta işi və ya layihələndirmə işləri gördürüləcəksə və həmin xidmətlərdən istifadə ediləcəksə, bu halda o işlərlə məşğul olan digər üçüncü şəxslərin xidmətlərindən istifadə edilməsi məqsədilə mülki-hüquqi müqavilələr bağlanıla bilər. Bu, tərəflər arasında mülki münasibətlərdir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2 min manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək məbləğdə, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.