KOBİA ilə Kolumbiyanın KOB sahəsində fəaliyyət göstərən təşkilatlarının əməkdaşlıq imkanları müzakirə olunub

2021.07.05 18:06 (UTC+04:00)

Kolumbiya Respublikasının ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-dan bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə qurumun fəaliyyəti, ölkəmizdə mikro, kiçik və orta sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib, Kolumbiyanın KOB sahəsində fəaliyyət göstərən təşkilatları ilə əlaqələrin qurulmasına və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Həmçinin qeyd olunub ki, Azərbaycanda iş qurmaq və ya yerli sahibkarlarla ortaq müəssisə yaratmaq istəyən xarici investorlar sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək üçün agentliyə müraciət edə bilərlər.

Səfir KOB sektorunda əməkdaşlığın önəmini vurğulayıb, bu istiqamətdə agentlik və Kolumbiyanın müvafiq təşkilatları arasında əlaqələrin qurulmasına dəstək göstəriləcəyini bildirib.