Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) onlayn formatda 25-ci yubiley assambleyası keçirilib. İnzibati və texniki sessiyalardan ibarət olan Baş Assambleyada Dövlət Vergi Xidmətini xidmət rəisinin müavini İlkin Vəliyev, Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəis müavini, təşkilat üzrə Dövlət Vergi Xidmətindən baş əlaqələndirici şəxs (PCP) Orxan Musayev və baş idarəsinin əməkdaşı, baş əlaqələndirici şəxsin müavini (shadow PCP) Səməd Bayramlı təmsil ediblər.
İnzibati sessiya zamanı 2020-ci il üzrə IOTA-nın fəaliyyəti, maliyyə vəziyyəti və aparılmış daxili auditə dair hesabatlar, 2022-ci il üzrə büdcə və Tədbirlər Planı, təşkilatın maliyyə reqlamentinə və qaydalarına dəyişikliklər haqqında çıxışlar edilib, qurumun İcraiyyə Şurasına 9 üzv - Avstriya, Fransa, Yunanıstan, Macarıstan, Norveç, Rumıniya, Sloveniya, İsveçrə, Böyük Britaniya seçilib. Sessiyanın davamında keçirilmiş səsvermələrlə İsveçrə Federal Vergi Administrasiyasının nümayəndəsi IOTA-nın yeni prezidenti, Fransanın Dövlət Maliyyə Baş Direktoratlığının nümayəndəsi qurumun icraçı katibi, Koreya Respublikası isə təşkilata yeni assosiativ üzv seçiliblər.
Assambleyanın “Vergi şəffaflığı dövründə məlumatların ən effektiv istifadəsinin təmin edilməsi” mövzusunda təşkil edilmiş texniki sessiyası çərçivəsində 2020-ci il üzrə ISORA baza məlumatlarına ümumi baxış keçirilib. Tədbirdə təkmilləşdirilmiş gəlir idarəetməsi üzrə virtual təlim (VITARA) barəsində ətraflı məlumat verilib, vergi məlumat bazalarının istifadəsində qlobal trendlər, vergi uyğunluğunu uğurla təmin etmək və vergidən yayınma ilə mübarizə üçün məlumatların effektiv istifadəsinə dair fərqli yanaşmalar, həmçinin vergi və maliyyə məlumat mübadiləsinə dair xarici vergi administrasiyalarının təcrübələri haqqında təqdimatlar nümayiş etdirilib, sahələr üzrə geniş müzakirələr aparılıb.